Gənclərin təbiətə münasibətdə növbəti nəcib addımı

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə 10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Uzunoba gölünün ətrafında təmizlik aksiyası keçirilib. Aksiyaya Dövlət Texniki Kolleci,  Tibb Kolleci və Musiqi Kollecindən ümumilikdə 30 tələbə qoşulub.

Təşkilatçı qurumların nümayəndələrindən Valeh Mahmudov və Əmirulla Quliyev COP29 kimi mühüm və dünya səviyyəli bir tədbirə ev sahibliyi etməkdə olan Azərbaycanda ekoloji məsələlərə daim həssaslıqla yanaşıldığını, ölkənin hər bir yerində, o cümlədən Naxçıvanda ətraf mühitin mühafizəsi sahəsində davamlı işlərin icra olunduğunu vurğulayıblar. Əlavə olunub ki, gənclərin bu sahədəki rolu nəzərə alınmaqla, il boyu onların iştirakı ilə müxtəlif konseptli tədbirlər, sosial layihələr icra olunub. Gənclərin birbaşa və ya yaxından iştirakı ilə reallaşan həmin tədbirlər ekoloji problemlərin həlli, cəmiyyətin bu məsələdə maarifləndirilməsi, təbiətə qayğı münasibətinin formalaşdırılması və digər hədəflərə töhfə vermək məqsədinə xidmət edib.    

Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər  tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.